Noyabrın 14-də “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə "Gələcək sahibkarların hazırlanması” adlı tədbir keçirilib.
Noyabrın 14-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydar Eminli Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) çərçivəsində “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə "Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə iştirak edib.
Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə həmçinin şagirdlər şərti pullardan istifadə etməklə ticarət edib, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər.
Təlimdə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının koordinasiyası ilə müxtəlif məktəblərdən 100-ə yaxın şagird iştirak edib.