Heydər Eminli
“Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” İctimai Birliyi
İdarə heyətinin sədri
Sürətlə dəyişən dünyamızda bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də həm milli, həm də beynəlxalq müstəvidə qarşılıqlı və səmərəli əməkdaşlıq olduqca əhəmiyyətlidir. Təhsil müəssisələri təhsil alanlara müasir və dövrün tələblərinə uyğun təhsil verməklə yanaşı, həm də öz daxili təhsil keyfiyyətlərini artırmaq üçün çalışırlar. Özəl təhsil sektorunda da dayanıqlı və keyfiyyətli təhsili təmin etmək özəl təhsil müəssisələri üçün prioritetdir. Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirmək, həmçinin, müasir dövrün bilik və bacarıqlarını təhsil alanlara aşılamaq təhsil müəssisələri üçün əsas hədəflərdəndir.
Təhsil müəssisələrinin birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmələri bu prosesin ayrılmaz hissəsidir. Bu hədəflərə nail olmaq üçün “Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” ictimai birliyi ölkəmizin təhsil sektorunda dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək və özəl təhsil müəssisələrinin bir-biri ilə səmərəli əməkdaşlığını təmin etməyi qarşısına məqsəd qoymuşdur. Bu baxımdan, Sizi əməkdaşlığa dəvət edir və ölkə təhsilinin, həmçinin özəl təhsil sektorunun inkişafına birlikdə töhfə verməyə çağırıram.